DÜNYA


Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyaları davam edir

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Yerevanın mərkəzi meydanında polis alayının binasını ələ keçirmiş silahlı qrupa növbəti dəfə dəstək aksiyası keçirilib. Etirazçılar həbs olunan fəalların azadlığa buraxılmasını tələb edirlər.

Aksiyaya rəhbərlik edən “Təsis parlamenti” hərəkatının üzvü Arutyun Aslamazyan çıxışında silahlı qrupun üzvlərinin tezliklə azad olunaraq yenidən mübarizəyə qatılacaqlarına ümid etdiyini bildirib.

Aksiya iştirakçıları həbs edilmiş siyasi partiya fəallarının azadlığa buraxılmasını da tələb ediblər. Armavir şəhərində də yüzlərlə sakin həbs olunmuş etirazçıların müdafiəsi üçün aksiya keçirib. Sakinlər Armavir-Yerevan yolunu kəsiblər.

Avropa İttifaqının Ermənistandakı müvəqqəti işlər müvəkkili Andrea Xalupova və ABŞ-ın ölkədəki səfirliyinin şöbə müdiri Metyu Yussen Ermənistanın ombudsmanı Arman Tatoyanla keçirilən görüşdə son hadisələri müzakirə ediblər. Avropa İttifaqının Yerevandakı nümayəndəliyindən verilən məlumata görə, tərəflər gücdən istifadəni pisləyiblər. Görüşdə polisin gücdən həddindən çox istifadə etməsi və kütləvi saxlanmalar kimi hallar da müzakirə edilib. Bu halların şəffaf araşdırılmasının vacibliyi vurğulanıb.

Erməni-Amerika Şurası da Ermənistan polisinin və mülki geyimli naməlum şəxslərin söz azadlığı və sərbəst toplaşma hüquqlarından istifadə edən vətəndaşlara və vəzifə borcunu yerinə yetirən jurnalistlərə qarşı zor tətbiqini kəskin pisləyib. Şuranın yaydığı bəyanatda qeyd olunur ki, Ermənistandakı avtoritar rejim tərəfindən dinc etirazçılara qarşı misli görünməmiş qəddarlıq göstərilməsi gözlənilən idi. Bundan başqa, şura ABŞ Dövlət Departamentini qanlı hadisələrə görə məsuliyyət daşıyan məmurların və polis rəhbərliyinin cəzalandırılmayacağı təqdirdə Ermənistan hökuməti ilə əməkdaşlığı dayandırmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.