DÜNYA
Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır
Bakı, 20 iyul, AZƏRTAC
Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Silahlı şəxslərin ələ keçirdiyi polis patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən polis şöbəsinin qarşısında nümayişçilərlə hüquq mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib. Post-patrul xidmətinin əməkdaşları fəallara atəş açıblar. İnsident zamanı dörd polis əməkdaşı və xeyli sayda fəal yaralanıb.
Nümayişçilər bildiriblər ki, girovların saxlandığı post-patrul xidməti alayında baş verən hadisələr barədə məlumatlar ictimaiyyətə açıqlanmır. Etirazçılar ərazidə barrikadalar qurublar. Polis şöbəsinin binasına gedən yollarda nəzarət gücləndirilib, ərazidən çıxış yollarını isə etirazçılar kəsiblər.
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan baş verənlərlə bağlı bəyanat yayıb. O deyib ki, ölkədə fövqəladə vəziyyət yaranıb, silahlı üsyan var, qan tökülür. Güc strukturlarının nümayəndələri əsassız zorakılıq tətbiq edərək vəziyyəti daha da gərginləşdirirlər. Buna baxmayaraq, artıq üçüncü gündür ki, prezident, baş nazir, parlament sədri susmaqda davam edir.