DÜNYA
Ermənistanda işsizlərin sayı ilbəil artmaqdadır
Parisdə erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalı da istər-istəməz Ermənistan iqtisadiyyatının ağır vəziyyətdə olduğunu, korrupsiyanın tüğyan etdiyini, işsizlərin sayının durmadan artdığını etiraf etməyə məcbur olub.
Jurnalda Ermənistanda işsizlik probleminə həsr olunmuş məqalədə bildirilir ki, bu ölkənin əmək məşğulluğu xidmətinin rəhbəri Artak Manqasaryan bu sahədə vəziyyətin ciddi narahatlıq doğurduğunu və işsizlərin sayının ildən-ilə artdığını bəyan edib. 2014-cü ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə işsizlərin sayı 3,7 faiz artaraq 62400 nəfərə çatıb. Onlardan 46600 nəfərini qadınlar, 15800-nü isə kişilər təşkil edib. Əlbəttə, bu rəsmi məlumatdır. Qeyri-rəsmi məlumata görə, onların sayı daha çoxdur.
Ermənistanda işsizlər arasında kişilərin azlıq təşkil etməsi təəccüb doğurmamalıdır. Çünki kişilərin əksəriyyəti öz ailəsini dolandırmaq məqsədilə ölkəni tərk edərək Rusiyaya və digər ölkələrə üz tutub. Xarici ölkələrə gedənlərin sayı 900 mini ötüb. Ona görə də yuxarıdakı rəqəm reallığı düzgün əks etdirmir.
Məqalədə qeyd olunur ki, ölkədə həkimlər, tibbi bacıları, mühəndislər, müəllimlər, digər peşə və sənət adamları arasında işsizlik hallarına daha çox rast gəlinir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris