DÜNYA


Ermənistanda kütləvi istefalar davam edir

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Ermənistanda ictimai-siyasi vəziyyət gərginləşib. Nazirlərdən sonra qubernatorlar arasında da kütləvi istefalar başlayıb. “Aykakan Jamanak” qəzetinin məlumatına görə, bütün vilayət administrasiya rəhbərləri prezident iqamətgahına dəvət ediliblər. Danışıqların mövzusu qubernatorlardan bəzilərinin istefası olub. Onların arasında Ararat, Armavir, Lori vilayətlərinin rəhbərləri var. İstefaya göndərilənlərin yerini isə sabiq nazirlər tutacaq.

Syunik vilayətinin qubernatoru Surik Xaçatryan da vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə zavod direktoru Maksim Akopyan təyin olunub. Surik Xaçatryanın qızı mətbuata açıqlamasında S.Sarkisyan hakimiyyətini kəskin tənqid edərək deyib: “Artıq 20 ildir ki, bizi kəmsavad insanlar idarə edir. Onlar Syunikə savadsız rəhbər gətirməklə bu torpağı murdarlamağa çalışırlar”.

Syunik vilayətinin polis rəisi Vaxtanq Avakyan da işdən çıxarılıb. Ermənistan polisinin mətbuat xidməti rəisin istefaya göndərilməsi səbəbini açıqlamaqdan imtina edib.

İstefa verənlərdən biri də Serj Sarkisyanın parlamentdəki daimi nümayəndəsi, Prezident Aparatının sədr müavini Viktor Dallakyandır. O, siyasətə qoşulacağını bəyan edərək bildirib ki, onun, yaxud ailə üzvlərinin başına hər hansı hadisə gəlsə, buna görə Serj Sarkisyan məsuliyyət daşıyacaq. V.Dallakyan “Dönüş” partiyası yaradacağını da deyib. Partiyaya Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın sədrlik edəcəyi gözlənilir. Hakim Respublika partiyasında bunu mümkünsüz hesab etsələr də, S.Ohanyanla S.Sarkisyan arasında fikir ayrılığı yarandığı deyilir. O, hətta Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi və Milli Təhlükəsizlik Şurasının katibi vəzifələrindən imtina edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.