DÜNYA
Ermənistanda seçki ərəfəsində vəziyyət böhran həddinə çatıb
Bakı, 29 mart, AZƏRTAC
Ermənistanda hökumət yaranmış problemləri həll etmək əvəzinə hakimiyyət uğrunda mübarizə aparır. Bu da işğalçı ölkədə narazılıqları artırıb.
“Sarukyan” blokundan deputatlığa namizəd Naira Zohrabyan Kotayk vilayətində seçki kampaniyası çərçivəsində çıxışı zamanı bildirib ki, hakimiyyəti vətəndaşların taleyi maraqlandırmır. O deyib ki, Ermənistan ən ağır günlərini yaşayır. Ölkə borc içində boğulur, əhali ölkəni tərk edir. S.Sarkisyan rejimi isə on ildə yaratdığı problemləri aradan qaldırmaq əvəzinə hökumət postunda möhkəmlənmək uğrunda mübarizə aparır. Hakimiyyət 17 il xalqı talayıb. İnsanlar xaricdə baraklarda yaşamağa məhkum kütləyə çevirib.
N.Zöhrabyan vətəndaşları həlledici qərar verməyə çağırıb. Qeyd edib ki, Ermənistanın bundan başqa yolu yoxdur. Ölkə iqtisadiyyatı tamamilə iflasa uğrayıb. Ermənistan büdcəsi isə miqrant pullarından asılı vəziyyətə düşüb.
Deputatlığa namizəd qeyd edib ki, S.Sarkisyan cinayətkardır. O, öz hakimiyyətini insanların bədbəxtliyi, faciələri üzərində qurub. S.Sarkisyan vaxtilə ona yaxın olan insanları aradan götürür. Dünənə kimi Seyran Ohanyan və Samvel Babayan onun dostları idi, indi isə düşmənləridir.
Bu arada hakim klanın aparıcı nümayəndələrindən biri, sabiq müdafiə naziri Seyran Ohanyanla Serj Sarkisyan arasında qarşıdurma getdikcə dərinləşir. S.Ohanyanın yaxın adamı Samvel Babayanın həbsindən sonra keçmiş müdafiə nazirinin də həbs olunması gündəmdədir. S.Ohanyan bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılsa da, yenidən siyasi səhnəyə qayıtmaq istəyir. S.Sarkisyanın isə əsas məqsədi nəyin bahasına olursa-olsun, aprelin 2-də Ermənistan parlamentini ələ keçirməkdir.