DÜNYA
Ermənistanda silahlı qiyamla bağlı yekunlaşan istintaq əlavə qalmaqallar yaradıb
Bakı, 20 aprel, AZƏRTAC
Ötən ilin iyulunda Yerevanda baş verən silahlı qiyamla bağlı istintaq yekunlaşıb. Bundan sonra işğalçı ölkədə əlavə gərginlik yaranıb. Hüquq müdafiəçiləri ittihamları rədd edərək bildirirlər ki, bütün bunlar əvvəlcədən yaxşı planlaşdırılmış bir oyundur və rejim tərəfindən idarə olunur.
Xatırladaq ki, 2016-cı ilin iyulunda Ermənistanda bir qrup şəxs Erebuni rayonunda post-patrul alayının binasını ələ keçirmiş, nəticədə üç polis əməkdaşı öldürülmüşdü. Bir ay boyunca ölkədə hökumət əleyhinə və silahlı qrupun üzvlərinə dəstək mitinqləri keçirilmişdi. Bu hadisələr göstərdi ki, Ermənistanda sadə vətəndaşlar hakimiyyəti dəstəkləmir. Onlar silahlı hücumu özlərinin qurtuluşu kimi görürdülər. Ona görə də Ermənistan prokurorluğu hər vəchlə “Sasna Srer” silahlı qrupunun üzvlərinin işini ağırlaşdırmağa çalışır. Silahlı qiyamla bağlı istintaq işi artıq yekunlaşıb. Polis alayının binasını ələ keçirən 18 nəfərə qarşı cinayət işi açılıb. Onlar dövlət çevrilişinə cəhddə günahlandırılırlar. Hüquq müdafiəçiləri isə ittihamları rədd edir.
Hökumətə və müxalifətə qarşı yaradılan “Təsis parlamenti” hərəkatının üzvü Jirayr Səfilyan da bir ilə yaxındır həbsdə saxlanılır. “Sasna Srer” qrupunun digər üzvləri kimi, onun da həbsdə qalacağı deyilir. Ermənistan Ali Məhkəməsinin bu qərarı etirazla qarşılansa da nəticəsi yoxdur. Fəalların vəkili Ara Zaxaryan məhkəmənin qərarının siyasi məqsəd daşıdığını deyib. “Sasna Srer”in üzvlərindən Martiros və Araik Akopyanların vəkili Ervand Varosyan da müvəkkillərinə qarşı bu cür münasibətin siyasi məqsəd daşıdığını bildirib.
E.Varosyan qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxslərə qarşı həbsxanada mənəvi, psixoloji təzyiqlər var. Hakimiyyət birbaşa olaraq bu insanların hüquqlarını pozur və üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tapdalayır. Üstəlik həmin hadisələrdən sonra hökumətə qarşı çıxan bütün fəallar həbs olunublar. Rejim silahlı çevriliş bəhanəsi ilə üzərinə yönələn təhlükəni bu yolla aradan qaldırıb.