DÜNYA
Ermənistandakı hərbi hissələrdə ölüm hallarının sayı artıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Ermənistandakı hərbi hissələrdə son zamanlar ölüm faktları çoxalıb və bunların da içərisində özünəqəsd halları üstünlük təşkil edir. Ölkə ictimaiyyətinin etirazlarına baxmayaraq, vəziyyət dəyişmir.
İlk yarım illikdə Ermənistanda hərbi hissələrdə 12 özünəqəsd hadisəsi qeydə alınıb. Bununla bağlı son hadisə Noyemberyan rayonu ərazisində yerləşən hərbi hissədə baş verib. İki əsgər eyni vaxtda intihar edib. Ötən il də bu hərbi hissədə xidmət keçən Kamo Martirosyan adlı əsgər təhqirlərə dözməyərək intihar etmişdi.
Belə hadisələr Ermənistanda artıq adi hala çevrilib. Bundan başqa, daxili çəkişmələr, intizamsızlıq, silahla davranma qaydalarının pozulması nəticəsində də ölüm halları baş verib. Əsgər ölümünün çoxalması valideynlərin narahatlığına səbəb olub.
Planetaarmenia.ru xəbər portalının məlumatına görə, Ermənistan hakimiyyəti bütün vasitələrdən istifadə edərək ordudakı neqativ halları və ölüm faktlarını gizlədir. Hərbi hissələrdə əsgərlərin valideynləri ilə əlaqə saxlaması üçün yaradılan internet otaqlarını isə neqativ halların sızmasının qarşısını almaq üçün bağlayıblar. Bütün bu qadağalara baxmayaraq, sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, Ermənistan ordusunda vəziyyət təsəvvür edildiyindən də qat-qat ağırdır.