SİYASƏT
Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş etiraz aksiyası keçirilib VİDEO
Vaşinqton, 27 fevral, AZƏRTAC
Fevralın 26-da ABŞ Azərbaycanlılar Şəbəkəsi Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiyada Azərbaycan icmasının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər. Nümayişçilərin əllərindəki plakatlarda Xocalı soyqırımı haqqında faktlar Ermənistan diplomatik missiyasının diqqətinə çatdırılıb. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin bu faciənin Amerikanın 15 ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması haqqında məlumatlar vardı. Bəzi plakatlarda Xocalıda törədilmiş kütləvi qırğının əsas təqsirkarları, o cümlədən Ermənistanın indiki prezidenti Serj Sarkisyan, bu ölkənin keçmiş prezidenti Robert Koçaryan, indiki müdafiə naziri Seyran Ohanyan və beynəlxalq terrorçu Monte Melkonyan təsvir edilmişdi.
Aksiya zamanı “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını bir daha təkrarlanmamalıdır!”, “Ermənistan etnik təmizləmədə təqsirkardır!”, “Ermənistana ar olsun!”, “Ermənistan, Qarabağdan rədd ol!”, “Uşaq qatilləri!”, “Ermənistan vassal dövlətdir!”, “Xankəndindəki oyuncaq rejim rədd olsun!”, “Amerikalı vergi ödəyicilərindən pul diləndiyiniz yetər!”, “Qarabağdan rədd olun!”, “Azərbaycan torpaqlarından əl çəkin!” və sair şüarlar səslənib.
ABŞ Azərbaycanlılar Şəbəkəsinin həmtəsisçisi Bədir Məmmədli etiraz aksiyasının iştirakçıları ilə birlikdə Ermənistan hökumətini Xocalı qırğınını tanımağa çağırıb. Nümayişçilər erməni silahlı qüvvələrinin Azərbaycandan dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb ediblər. İcma üzvləri Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunun digər yaşayış məntəqələrində, o cümlədən Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda da dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktlarını tanımağa çağırıblar.
Yoldan keçən adamların çoxu Azərbaycan icmasının tələbləri ilə maraqlanıblar. Onlara Xocalı qırğını və Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi barədə məlumat verilib.
Elə həmin gün şəhərin erməni icmasının bir neçə üzvü Azərbaycanın Vaşinqtondakı səfirliyinin binasının yanına gələrək Sumqayıt hadisələri haqqında yalan və böhtanlar yaymaq, növbəti dəfə çığır-bağır salmaq istəyiblər. Görünür, erməni nümayişçilər unudublar ki, 1988-ci ilin fevral ayında Sumqayıtda törədilmiş zorakılıq və cinayətlərin əsas icraçısı Eduard Qriqoryan adlı birisi olub. Bir qrup azərbaycanlı onların qarşısına çıxaraq etiraz nümayişi keçirib və erməni tərəfin yalanını ifşa edən şüarlar söyləyib. Azərbaycan səfirliyinin qarşısındakı küçədəki avtomobillər Azərbaycan bayraqları və Xocalı soyqırımını tanımaq çağırışları ilə bəzədilib.
Azərbaycanlı nümayişçilər etiraz aksiyası keçirən ermənilərə xatırladıblar ki, Xocalı soyqırımının bütün məsuliyyəti onların liderlərinin və Azərbaycan torpağında cinayətlərin vicdansız icraçılarının üzərinə düşür.
Tədbirin sonunda həmvətənlərimiz Azərbaycanın Dövlət Himnini oxuyublar.
Qeyd edək ki, ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu kütləvi qırğının tanınması tələbləri ilə hər il etiraz aksiyası keçirir
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton