SİYASƏT
Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib VİDEO
Vaşinqton, 5 aprel, AZƏRTAC
Aprelin 4-də Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən etiraz aksiyası təşkil olunub. Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni təcavüzünün yenidən başlanması ilə əlaqədar keçirilən aksiyada Vaşinqton və onun ətraf rayonlarının azərbaycanlı icmasının üzvləri iştirak ediblər.
Nümayişçilərin əllərində tutduqları plakatlarda Ermənistanın hərbi təcavüzü və Qarabağda azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoyması haqqında faktlar təqdim edilib, dünya ictimaiyyəti Yerevanın işğalçı siyasəti faktını tanımağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazisindən çıxarılmasını tələb etməyə çağırılıb. Bəzi plakatlarda Xocalı faciəsinin əsas təqsirkarları, o cümlədən Ermənistanın indiki Prezidenti Serj Sarkisyan, sabiq prezidenti Robert Koçaryan, indiki müdafiə naziri Seyran Ohanyan və beynəlxalq terrorçu Monte Melkonyanın adları, habelə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası Parlament Assambleyası, BMT Baş Məclisi və digər təşkilatların müddəaları əks olunurdu.
Aksiya zamanı “Ermənistan, Azərbaycandan rədd ol!”, “Ermənistan, bizim Qarabağdan rədd ol!”, “Siz Qarabağı işğal etməyinizə peşman olacaqsınız, necə ki, indi peşmansınız!”, “Erməni terrorunu pisləyin!”, “Xocalı qırğını təkrar olunmamalıdır!”, “Ermənistan etnik təmizləmədə təqsirkardır!”, “Ermənistana ar olsun!”, “Uşaqların qatili”, “Ermənistan vassal dövlətdir!”, “Rədd olsun Xankəndində marionet rejimi!”, “Azərbaycan torpaqlarından əlini çək” və digər şüarlar səsləndirilib.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Bədir Məmmədli etiraz aksiyası iştirakçıları ilə birlikdə Ermənistan hökumətini “Azərbaycan ərazisindən rədd olmağa və Azərbaycan kəndlərinə atəş açmağı dayandırmağa” çağırıb. Nümayişçilər, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını, girovların azad edilməsini və məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb ediblər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton