SİYASƏT
Ermənistanın təbliğat-təşviqat maşınının növbəti saxtakarlığı ifşa edilib
Bakı, 22 may, AZƏRTAC
“LifeNews” telekanalı bu günlərdə BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal olunmuş, guya “müstəqilliyi” elan edilmiş, de-fakto onun tərəfindən zəbt edilmiş Azərbaycanın Dağlıq Qarabağ regionunun tanımasının mümkünlüyü ilə bağlı reportaj (www.youtube.com/watch?v=YE2d7CdeoIo) yayımlayıb.
Telekanal informasiyanın mənbəyinin Çinin Baş nazirinin “Twitter” şəbəkəsindəki akkauntu olduğunu bildirib. Lakin “LifeNews”, görünür ki, Çində “Twitter” sosial şəbəkəsinin qadağan edildiyini, bu ölkənin yüksək rütbəli məmurlarının mikrobloqun bu növü vasitəsilə nəinki xəbər göndərmək, hətta orada qeydiyyatdan keçmək imkanlarının belə olmadığını nəzərə almayıb. Bu, Çinin Baş nazirinə məxsus olmayan adicə saxta bir akkauntdur ki, onun vasitəsilə bütün yalan məlumatlar yayılır.
Diplomatlarımızın bu məsələ ilə bağlı sorğusuna Çinin Baş nazirinin ofisində gülüblər, belə xəbəri “cəfəngiyyat” adlandırıblar və səfirliyimizin əməkdaşlarını rəsmi Pekinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsi ilə bağlı mövqeyinin dəyişməyəcəyi barədə əmin ediblər.
Biz isə “LifeNews”dan olan həmkarlarımıza informasiya mənbələrinə diqqətlə yanaşmağı və ermənipərəstlərin ağılsız hərəkətlərinə daha az uymağı tövsiyə edərdik.