SİYASƏT
Ermənistanın xarici işlər naziri Stokholmda azərbaycanlı gənclərin sualları qarşısında çətin vəziyyətdə qalıb
Stokholm, 27 noyabr, AZƏRTAC
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İsveçə səfəri çərçivəsində Stokholm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunda “Cənubi Qafqazda təhlükəsizlik problemləri” mövzusunda çıxış edəndən sonra İsveç-Azərbaycan Gənclər Təşkilatının fəalları - Rəsul Məcidov, Allahverdi Verdizadə, Aysel Yusubova və Mahirə Muxtarovanın suallarına tuş gəlib.
Verilən suallarda Ermənistanın 20 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar dövlət kimi tanıyaraq onun silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb etməsi qeyd olunub. Bundan başqa, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin erməni hərbi birləşmələri tərəfindən bir gecədə yerlə-yeksan edilməsini, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc Xocalı sakinini qəddarlıqla qətlə yetirilməsini tədbir iştirakçılarının diqqətinə çatdıran İsveç-Azərbaycan Gənclər Təşkilatının fəalları Edvard Nalbandyanın bu haqda fikirlərini bilmək istəyiblər.
Çətin anlar keçirən, tələbələrin suallarına uydurma dolu cavablar verən E.Nalbandyan tədbirin bu şəkildə davam etməsindən narahat olduğunu ifadə edib. Sualları cavablandırarkən əllərinin hərəkətindən və sifətindəki ifadədən açıq-aşkar əsəbi olduğu hiss olunan erməni nazirin “salonun 90 faizini deyəsən azərbaycanlılar təşkil edir” ifadəsi vəziyyətin onun üçün necə mürəkkəb olduğunu göstərib.
Tədbirdə erməni diasporundan bir nəfərin belə iştirak etməməsi Ermənistan hakimiyyəti ilə diaspor arasındakı problemlərdən xəbər verir. Bu, E. Nalbandyan İsveçə səfərinin fiaskoya uğramasının dəlilidir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm