İDMAN
Ernesto İnarkiyev “Baku Open-2014” Beynəlxalq şahmat festivalının qalibidir
AZƏRTAC xəbər verir ki, A və B qruplarında Azərbaycan ilə yanaşı, 22 ölkədən 250-ə yaxın şahmatçı (32 beynəlxalq qrossmeyster, 19 beynəlxalq usta və 11 FİDE ustası) qələbə uğurunda mübarizə aparıb.
“A” (güclülər) turnirində Rusiya şahmatçısı Ernesto İnarkiyev və Rumıniya təmsilçisi Konstantin Lupulesku 7 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə turnirin qalibi adını Ernesto İnarkiyev qazanıb. Üçüncü yerin sahibi isə 6,5 xal toplayan Macarıstan şahmatçısı Ferenc Berkes olub.
Azərbaycan şahmatçılarından Nicat Məmmədov hesabına 5,5 xal yazaraq 13-17-ci yerləri bölüşdürüb. Zaur Məmmədov, Vüqar Rəsulov, Eltac Səfərli, Loğman Quliyev, Misrəddin İsgəndərov və Nicat Ağayev isə hərəyə 5 xal toplayıblar. Qadınlar arasında isə ən yaxşı nəticəni Xəyalə Abdulla və Nərmin Kazımova ( hərəyə 4,5 xal) göstəriblər.
İran şahmatçısı Aryan Qolami 8 xalla “B” qrupunun qalibi olub. Azərbaycan şahmatçıları Ramil Əlləcov və Şücaət Orucov hərəyə 7,5 xal toplayaraq 2-3-cü yerləri bölüşdürüblər.
“Baku Open-2014” Beynəlxalq şahmat festivalının ümumi mükafat fondu 50 000 ABŞ dolları təşkil edirdi.