SİYASƏT
Ertarin Kazin: BMT-nin Dünya Ərzaq Proqramı Azərbaycana donor ölkə kimi baxır
Bakı, 25 may, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə eyni zamanda ölkəmizin BMT-nin Roma şəhərində agentlikləri yanında daimi nümayəndəsi təyin olunması ilə əlaqədar etimad məktubunu BMT-nin qərargahı Roma şəhərində yerləşən Dünya Ərzaq Proqramının icraçı direktoru xanim Ertarin Kazinə təqdim edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dünya Ərzaq Proqramının icraçı direktoru Azərbaycanın son 15 il ərzində qazandığı nailiyyətlərdən, xüsusən insan inkişafı indeksi üzrə əldə etdiyi mövqedən məmnunluğunu bildirib. O, Azərbaycanla Dünya Ərzaq Proqramı arasında münasibətlərdən danışıb. Əvvəllər Azərbaycanın Proqramın yardımlarından yararlandığını qeyd edib, ölkənin iqtisadi və maliyyə imkanlarının artması ilə 2013-cü ildən Azərbaycanda öz yardım fəaliyyətini dayandırdığını bildirib. İcraçı direktor Proqramın artıq Azərbaycana donor ölkə kimi baxdığını vurğulayıb.
M.Əhmədzadə müstəqilliyin ilk illərindən Azərbaycanla Dünya Ərzaq Proqramı arasında qurulmuş əməkdaşlıqdan, Azərbaycan hökuməti ilə bu qurum arasında mövcud olmuş yüksək səviyyəli görüşlərdən danışıb. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkünün yarandığı anda Proqramın ölkəmizə göstərdiyi humanitar yardımların əhəmiyyətini qeyd edib. Səfir Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər nəticəsində donor ölkəyə çevrildiyini vurğulayıb, son illər ölkəmiz tərəfindən beynəlxalq səviyyədə həyata keçirilən yardım və inkişafa dəstək siyasəti barədə məlumat verib, bu xüsusda Proqram ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan və BMT-nin Dünya Ərzaq Proqramı arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.