CƏMİYYƏT
Esse yarışının qalibləri mükafatlandırılıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Nərimanov Rayon Gənclər və İdman İdarəsi “Əsrin müqaviləsinin” 22-ci ildönümü ilə əlaqədar məktəblilər arasında keçirilən esse yarışının qaliblərini mükafatlandırıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Mərasimdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov qalibləri təbrik edərək "Əsrin müqaviləsi"nin Azərbaycanın həm siyasi, həm də iqtisadi həyatında mühüm rol oynadığını vurğulayıb: “Bu müqavilənin Azərbaycan tarixində istər iqtisadi, istərsə də siyasi aspektdə əhəmiyyəti olduqca böyükdür. Məhz bu müqavilənin imzalanması ilə Azərbaycan qısa müddətdə iqtisadi inkişaf yoluna qədəm qoydu, ölkəmizə xarici investisiyalar cəlb edildi, beynəlxalq arenada ölkəmizin nüfuzu artdı”.
“Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova və “Təfəkkür” Universitetinin tələbə-gənclər təşkilatının sədri Asəf Cabbarlı çıxış edərək Azərbaycan iqtisadiyyatının dirçəldilməsində bu müqavilənin əhəmiyyətindən danışıblar.
Sonra esse yarışının qaliblərinə müxtəlif dərəcəli diplom və hədiyyələr təqdim olunub.