İQTİSADİYYAT
Estoniya kənd təsərrüfatı sahəsində Azərbaycan ilə əməkdaşlığının genişləndirilməsində maraqlıdır
Tallinn, 5 may, AZƏRTAC
Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli mayın 4-də bu ölkənin kənd işləri naziri Tarmo Tamm ilə görüşüb.
T.Tamm Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının bu il aprelin 6-7-də Bakıda keçirilmiş iclasının yüksək səviyyədə təşkilini və Komissiyanın həmsədri Mixail Korbun Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini Azərbaycanın ölkəsinə münasibətinin göstəricisi olduğunu bildirib. Dost Azərbaycan ilə siyasi əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirən T.Tamm iki ölkə arasında iqtisadi əlaqələrin də həmin səviyyədə olmasını arzu etdiyini vurğulayıb. O, bu baxımdan yüksək potensiala malik kənd təsərrüfatı sahəsində Estoniyanın Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Bildirib ki, süd istehsalında Avropada ikinci olan Estoniya bu sahədə təcrübəsini Azərbaycan ilə bölüşməyə hazırdır. Bundan başqa, Estoniya kənd təsərrüfatı məhsullarının sertifikasiyası ilə də məşğuldur və Azərbaycanda istehsal olunan ərzaq məhsullarının Avropa bazarlarına daha sərbəst çıxmasına kömək etməyə hazırdır.
Estoniyalı nazir ikitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Səfir M.Nəcəfbəyli Azərbaycanın Estoniya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib. Diplomat Azərbaycanda istehsal edilən ərzaq məhsullarının Estoniyaya ixracı üçün böyük imkanların olduğunu vurğulayıb.
Söhbət zamanı Estoniya ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində mövcud hüquqi bazanın vəziyyəti müzakirə edilib.
Görüşdə, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Denis Borodiç, Kənd İşləri Nazirliyinin baş katibinin müavini Olavi Petron, beynəlxalq əlaqələr departamentinin rəisi, xanım Janika Salev və həmin departamentin əməkdaşı Leo Tınitalo iştirak ediblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn