CƏMİYYƏT


Estoniya onkoloqları azərbaycanlı həmkarları ilə əməkdaşlığa hazırdırlar

A+ A

Tallinn, 7 oktyabr AZƏRTAC

Estoniya Tibb Assosiasiyasının rəhbərliyi və təşkilatçılığı ilə Estoniya səhiyyə işçiləri sentyabrın 18-dən 21-dək Azərbaycanın paytaxtı Bakıda keçirilən “BIHE-2016” beynəlxalq səhiyyə sərgisində iştirak ediblər.

Estoniyalı mütəxəssislər bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən Reproduktiv Sağlamlıq Mərkəzi Mərkəzi Klinik Hospital, “Vital” Klinika, Leyla Şixlinskaya Klinikası və Respublika Diaqnostika Mərkəzində görüşlər keçiriblər. Görüşlər yerli səhiyyə sistemi ilə tanış olmaq, həmçinin Estoniya səhiyyə xidmətlərinin Azərbaycanda tətbiq etmək üçün yollarını araşdırmaq məqsədi daşıyıb.

Şimali-Estoniya Bölgə Xəstəxanasının ümumi və onkoloji cərrahiyyə mərkəzinin müdiri, Estoniya Cərrahlar Assosiasiyasının prezidenti Yuri Teras azərbaycanlı həmkarları ilə öz təcrübələrini bölüşməyə hazır olduqlarını bildirib: “Azərbaycanlı həmkarlarımız onkologiya sahəsində əməkdaşlığa böyük maraq göstərirlər. İndi biz Azərbaycandan mütəxəssislərin Estoniyaya səfərini gözləyirik".

Estoniya Tibbi Assosiasiyasının idarəetmə heyətinin üzvlərindən biri və Şərqi-Tallinn Mərkəzi Klinikasının marketinq üzrə meneceri İnge Suder isə deyib: "Bu kimi səfərlər Estoniya səhiyyəsi üçün də çox vacibdir. Biz çoxlu görüşlər keçirdik və bu görüşlərdə ikitərəfli əlaqələrin genişlənməsi üçün razılığa gəldik. Klinikamızda artıq nevrologiya şöbəsində Toomas Toomsonun rəhbərliyi altında Azərbaycandan bir həkim təcrübə keçir. İnanıram ki, əlaqələrimiz bundan sonra daha da genişlənəcək".

Tallinn Ali Səhiyyə Məktəbinin şöbə müdiri Silya Mets-Oya qeyd edib ki, tələbə proqramları üzrə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. “Biz öz tələbələrimizi artıq 2017-ci ildə Bakıya təcrübəyə göndərəcəyik", - deyə estoniyalı mütəxəssis əlavə edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.