DÜNYA
Estoniya parlamenti ölkə ərazisində robot-kuryerlərdən istifadəyə icazə verib
Bakı, 19 iyun, AZƏRTAC
“Skype” internet telefoniya xidmətinin yaradıcıları tərəfindən 3 il əvvəl təsis edilmiş “Starship Technologies” adlı yeni şirkət bağlamaları küçələr üzrə saatda təxminən 6 kilometr sürətlə daşımaq qabiliyyətinə malik robot-kuryerlərin hazırlanması ilə məşğuldurlar. Bu robotlar artıq dünyanın müxtəlif ölkələrində sınaqdan keçirilir və bu günlərdə Estoniya parlamenti ölkə ərazisində robot-kuryerlərdən istifadə ideyasını təqdir edib.
AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, qanuna əsasən, robotun hündürlüyü 1 metr, uzunluğu isə 1,2 metrdən çox olmamalıdır. Robotun çəkisi 50 kiloqram, korpusu isə ağ rəngdə olmalıdır. Robot-kuryer mütləq fara və işığı əks etdirən elementə malik olmalıdır. “Starship Technologies” tərəfindən hazırlanan robotlar bu şərtlərə uyğun gəlir, ona görə çox tezliklə belə kuryerlər Estoniya ərazisi üzrə bağlamaların çatdırılmasını həyata keçirəcək.