DÜNYA
Estoniya parlamentində prezident seçkilərinin birinci turu keçiriləcək
Tallinn, 29 avqust, AZƏRTAC
Bu gün Estoniya parlamentinin (Riyqikoqu) növbədənkənar iclasında ölkənin yeni prezidenti vəzifəsinə seçkilərin birinci turu keçiriləcək. Ekspertlərin fikrincə, dövlət başçısı seçkisi uzanacaq və azı 3 turdan ibarət səsvermə, bəlkə də seçkiçilər kollegiyasının çağırılması tələb olunacaq.
Estoniya Respublika Seçki Komissiyası prezidentliyə üç namizədi seçkilərin birinci turunda iştirak etmək üçün şənbə günü rəsmən qeydiyyata alıb. Onların öz namizədliyini irəli sürməsi üçün 101 deputat yeri olan qanunverici orqanda azı 21 deputat tərəfindən dəstək verilməsi tələb olunurdu.
Hakim koalisiyaya daxil olan Sosial-Demokratik Partiyadan (SDP) namizəd parlamentin spikeri Eyki Nestor olub. Sabiq ədliyyə kansleri Allar Yıksın namizədliyi mühafizəkar millətçi Vətən və Respublika İttifaqı Partiyası (VRİ) və müxalifətçi Azad Estoniya Partiyası (AEP) tərəfindən irəli sürülüb. Müxalifətçi Mərkəzçi Estoniya Partiyası (MEP) öz deputatı Maylis Repsi dəstəkləyib.
Bundan əlavə, məlum olub ki, İslahatlar Partiyasından rəsmi namizəd – bu partiyanın fəxri lideri, nəqliyyat üzrə sabiq Avropa komissarı Siym Kallas da parlamentdə zəruri dəstək alıb, lakin onun namizədliyinin rəsmən irəli sürülməsi ikinci tura qədər təxirə salınıb.
Namizədin prezident seçilməsi üçün azı 68 deputat ona səs verməlidir. Əgər birinci turda iddiaçılardan heç biri bu cür dəstək qazanmasa, ertəsi gün ikinci tur keçiriləcək. Bu turda iştirak etmək üçün namizədlər yenidən irəli sürülməlidir. Əgər ikinci turda da qalib aşkar edilməsə, ən çox səs toplamış iki namizəd elə həmin gün keçiriləcək üçüncü turda mübarızəni davam etdirəcək.
Partiyalar öz namizədlərinə bütün üç tur müddətində səs verməyi vəd edirlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn