DÜNYA
Estoniya qaçqınlar üzrə Türkiyə-Avropa İttifaqı müqaviləsinin yerinə yetirilməsini əhəmiyyətli hesab edir
Tallinn, 27 noyabr, AZƏRTAC
Estoniya miqrasiya böhranının cilovlanması barədə Türkiyə ilə Avropa İttifaqı arasında imzalanmış müqavilənin yerinə yetirilməsini əhəmiyyətli hesab edir. Bu sözləri Estoniya Xarici İşlər Nazirliyinin (XİN) Avropa və Transatlantik əməkdaşlıq məsələləri üzrə baş direktoru Ayno Lepik fon Viren Estoniya ilə Türkiyənin xarici siyasət idarələri nümayəndələrinin noyabrın 25-də Tallinndə baş tutmuş siyasi məsləhətləşmələrində bəyan edib.
Estoniya XİN-in mətbuat xidmətinin bu barədə məlumatında deyilir ki, məsləhətləşmələrin əsas mövzusu Avropada və dünyada miqrasiya böhranı məsələləri olub.
Ayno Lepik fon Viren deyib: “Estoniya Türkiyə ilə Avropa İttifaqı arasında miqrasiya ilə bağlı müqavilənin yerinə yetirilməsini Avropada miqrasiya böhranının həllində çox mühüm element hesab edir. Biz təqribən üç milyon suriyalı qaçqının qəbulu ilə bağlı ilkin şərtlərin təmin edilməsinə və sonradan onların Avropaya irəliləməsinə maneələrin yaradılmasına Türkiyənin töhfəsini yüksək qiymətləndiririk”.
Estoniyalı diplomat əlavə edib ki, Avropa İttifaqı da qəbul edilmiş qaçqınların köçürülməsinə dair müqavilənin şərtlərinə hörmətlə yanaşır və onları yerinə yetirir. Onun sözlərinə görə, bu il Türkiyə qaçqınların qəbulu üçün ona ayrılan 3 milyard avrodan 2,2 milyard avronu alıb. Bu vəsaitlə qaçqınlara həm humanitar yardım göstərilir, həm də sosial və təhsil infrastrukturu təşkil edilir. Üstəlik, Türkiyənin qaçqınların payı kifayət qədər böyük olan bölgələrinə zəruri xidmətlər göstərilir.
Lepik von Viren bir daha təkrar edib ki, Estoniya Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdini pisləyir və Türkiyədə demokratik yolla seçilmiş iqtidarı dəstəkləyir. Eyni zamanda o, ölkədə söz, sərbəst toplaşma və özünüifadə azadlıqlarının, siyasi plüralizmin təmin edilməsinin vacibliyini vurğulayıb.
Tallinn məsləhətləşmələrində Türkiyə nümayəndə heyətinə səfir, Türkiyə Xarici İşlər Nazirliyinin konsulluq işləri üzrə baş direktoru Mehmet Samsar başçılıq edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn