İQTİSADİYYAT


Estoniya və Azərbaycan gömrük xidmətləri arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Estoniya və Azərbaycan gömrük xidmətləri arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr noyabrın 22-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Estoniya Vergi və Gömrük İdarəsinin baş direktoru Marek Helm arasında keçirilən görüş zamanı aparılıb.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanla Estoniya arasında mövcud iqtisadi, siyasi, mədəni əlaqələrdən söhbət açıb, əməkdaşlıq əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Müstəqil Azərbaycanın gömrük xidmətinin keçdiyi inkişaf yoluna qısaca nəzər salan komitə sədrinin birinci müavini istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışıb, son vaxtlar gömrük sahəsində həyata keçirilən islahatlar, o cümlədən, elektron gömrük bəyannaməsinin tətbiqi və “Yaşıl dəhliz” buraxılış sisteminin yaradılması barədə ətraflı məlumat verib.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin innovasiya layihələrinin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsində yeni metod və texnologiyalardan istifadə edilməsi, xüsusən elektron gömrük xidmətləri üzrə həyata keçirilən layihələri ilə nəinki region, həm də Avropa miqyasında qabaqcıl təcrübəyə malik olduğunu vurğulayıb.

Estoniya Vergi və Gömrük İdarəsinin baş direktoru Marek Helm Azərbaycana səfərindən razılığını bildirib, Estoniya hökumətinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyib.

İki ölkə arasındakı münasibətlərin hazırkı durumundan məmnunluqla bəhs edən qonaq bütün sahələrdə, o cümlədən, gömrük işində əməkdaşlığın genişləndirilməsinin vacibliyini nəzərə çatdırıb, qısa zaman kəsiyində Azərbaycan gömrüyünün inkişafını, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının tətbiqində qazandığı uğurları yüksək dəyərləndirib.

Marek Helm Estoniya ilə Azərbaycanın gömrük orqanları arasında əlaqələrin dinamik inkişafı istiqamətində mövcud potensialdan maksimum yararlanmağın vacibliyinə toxunub, öz növbəsində, qarşılıqlı təcrübə mübadiləsinin əməkdaşlıq əlaqələrinə yeni təkan verəcəyinə əminliyini ifadə edib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.