İQTİSADİYYAT
Estoniya və Litvanın kənd təsərrüfatı sahəsində informasiya sistemləri və innovativ texnologiyalar üzrə təcrübələri öyrənilib
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycanın nümayəndə heyəti “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsi çərçivəsində Avropa İttifaqının iki üzv ölkəsində - Estoniya və Litvada təlim səfərində iştirak edib. Nümayəndə heyətinə Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri İlham Bayramov başçılıq edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə “Məlumat və informasiya təhlükəsizliyi”, “Biznes proseslər və onların avtomatlaşdırılması”, “İT əsaslı subsidiya sistemləri və onlardan istifadə”, “Reyestrlər”, “Cari vəziyyət, təcrübələr, çətinliklər, öyrənilmiş dərslər və imkanlar”, “Məlumatların mübadiləsi, paylanması və web portallar”, “Məlumat bazaları, onlayn ərizələr, iş axınları” kimi mövzular müzakirə olunub. Təlim çərçivəsində Estoniyanın Kənd Təsərrüfatı Reyestrləri və İnformasiya Agentliyində, Litva Milli Ödəniş Agentliyində və Litvanın Kənd Təsərrüfatı üzrə Reyestrlər və Kənd Biznesi Mərkəzində görüşlər keçirilib.
Daha sonra ölkəmizin Litvadakı səfirliyində səfir Həsən Məmmədzadə ilə keçirilən görüşdə Azərbaycan ilə Litva arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Estoniyanın Tartu şəhərində müasir heyvandarlıq təsərrüfatına və Litvanın Trakai şəhərində dövlət subsidiyasından yararlanmış benefisiar təşkilata səfərlər təşkil olunub. Eləcə də kənd təsərrüfatı sahəsində tətbiq edilən informasiya sistemləri və innovativ texnologiyalar üzrə bu ölkələrin təcrübələri öyrənilib.