MƏDƏNİYYƏT


Estoniyada keçirilən beynəlxalq konfransda ölkəmiz də təmsil olunub

Bakı, 13 iyul, AZƏRTAC

Estoniyanın Tartu şəhərində Avropa Komissiyası və Estoniya Milli Muzeyinin moderatorluğu, Avropa İrs Günlərinin birgə əməkdaşlığı ilə “Mədəni irs: ictimaiyyət və rəqəmsal dövrə keçid” adlı beynəlxalq konfrans keçirilib.

Konfransda ölkəmizi Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Qəmər Məlikova təmsil edib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Estoniya Milli Muzeyində keçirilən konfransda dünya irsinin qorunub saxlanması və rəqəmsal texnologiyaların inkişafı mövzusunda müzakirələr aparılıb. Estoniyanın mədəniyyət naziri İndrek Saar rəqəmsal texnologiyanın gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrildiyini bildirərək mədəniyyət sahəsində ondan yararlanmağın vacibliyinə toxunub. O, konfransda səsləndirilən təkliflərdən mədəni irsin qorunması və rəqəmsallaşdırılması istiqamətində istifadə olunacağına əminliyini ifadə edib.

Avropa Komissiyasının təhsil və mədəniyyət üzrə baş direktor müavini Cens Numand Kristensen konfransın üç vacib məqamından söz açıb. Bildirilib ki, mədəniyyət yalnız kiçik elit qruplarla məhdudlaşdırılmamalı, ictimaiyyət üçün açıq olmalıdır. Yaradıcı insanlarda rəqəmsal dünyaya marağın artırılması vacib məsələdir. Müəllif hüquqları pozulmadan hər bir yaradıcı şəxs öz əsərini elektronlaşdırmalı və geniş kütlə üçün əlçatan etməlidir. Müasir dövrdə incəsənət əsərini görmək üçün uzaq məsafələr qət etməyə ehtiyac yoxdur. Sadəcə monitorun qarşısında oturaraq istənilən sənət əsərinin izlənilməsi mümkündür. Həmçinin mədəni irsin nəsildən-nəslə ötürülməsi prinsipi də Cens Kristensen tərəfindən irəli sürülüb.

Diqqətə çatdırılıb ki, muzey və arxivlərin ictimaiyyət üçün əlçatan edilməsi məqsədilə mədəniyyət sahəsində hüquqi islahatlar həyata keçirilməli, mədəni irs rəqəmsallaşdırılmalıdır.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Qəmər Məlikova müharibədə itirilən rəqəmsallaşdırılmamış mədəni irsin gələcək nəsillərə necə ötürülməsi ilə bağlı konfrans nümayəndələrinə sual ünvanlayıb. Milan Universitetinin professoru, konfransın hedlayneri Pyer Sakko bu məsələnin fundamentallığını və birmənalı cavablandırılmasının mümkünsüzlüyünü qeyd edib, sənət abidəsinin sözlə təsvir edilərək fiziki olmasa da, maketini hazırlayaraq gələcək nəsillərə ötürmək barədə təklif irəli sürüb. Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) baş katibi Benedikt Selfslaq əlavə olaraq bildirib ki, bu məsələdə cəmiyyətin və ekspertlərin üzərinə böyük məsuliyyət düşür. Müharibə və dövlətlərarası münaqişələrə baxmayaraq, millətlər mədəni irsin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində bir-birinə dəstək olmalıdır.

Konfransda, həmçinin muzeylərə, kitabxana və arxivlərə tamaşaçı marağının azalması mövzusunda müzakirə aparılıb. Konfransın sessiyaları “Yerli mədəni irsin inkişafı”, “Rəqəmsal dövrdə ictimaiyyətin inkişafı”, “Mədəni irs sosial birlik və iqtisadi inkişafı sürətləndirən vasitə kimi” və “Rəqəmsal irsin və müəllif hüquqlarının müzakirəsi” mövzularını əhatə edib.

Konfransın yekununda sessiya və seminarların nəticələri açıqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.