DÜNYA
Estoniyada yük maşınları üçün nəqliyyat vergisi tətbiq ediləcək
Bakı, 26 aprel, Ramiz Quliyev, AZƏRTAC
Estoniyanın İqtisadiyyat və Kommunikasiyalar Nazirliyi çəkisi 3,5 tondan çox olan yük maşınlarına yola sərf edilən vaxta görə nəqliyyat vergisi tətbiq etmək niyyətindədir.
AZƏRTAC Vergilər.az saytına istinadla bildirir ki, dövlət büdcəsinin tarazlaşdırılması üçün Maliyyə Nazirliyi 2017-ci ildə yollardan daxilolmalar şəklində 10 milyon avro gəlir əldə etməyi nəzərdə tutur.
Aparılan araşdırmalara əsasən, digər ölkələrin analoji vergi dərəcələri əsasında müvafiq hesablamalar aparılıb və yola sərf olunan vaxta görə verginin orta illik məbləği 722 avro müəyyən edilib.
Plana görə, mexanizmin qüvvəyə minməsi əhəmiyyətli xərclər tələb etməyəcək, çünki ödənişlərə nəzarəti yol polis xidməti həyata keçirəcək.
Avropa İttifaqı ölkələri üçün müəyyən edilmiş direktivə əsasən, 12 tondan çox olan yük maşınlarına vergi tətbiq edilməlidir. Estoniyada bu direktivə minimal həcmdə əməl edilir. Estoniya və Finlandiya Avropa İttifaqının yeganə ölkələridir ki, yollardan istifadə üçün nəqliyyata ödəmələr tətbiq edilməyib.