CƏMİYYƏT
Estoniyanın ən hündür şam ağacı həm də dünyanın ən hündür şam ağacıdır
Tallinn, 11 fevral, AZƏRTAC
Estoniyanın Pılva qəzasının Veriora nahiyəsində bitən bu ölkənin ən hündür şam ağacı həm də dünyanın ən hündür şam ağacıdır.
Estoniya Dövlət Meşələrini İdarəetmə Mərkəzindən (RMK) BNS-ə bildiriblər ki, Pılvada bitən şam ağacının hündürlüyü 46,6 metrdir. Bu ağac daha əvvəl Polşada dünyanın ən hündür şam ağacı sayılan ağacdan 1,3 metr hündürdür. Təbiət Elmləri Universiteti alimlərinin bu yaxınlarda apardıqları ölçmələr göstərib ki, şam ağacının azı 214 yaşı var.
RMK-nin təmsilçisi Kaarel Tiqanikin sözlərinə görə, dünyanın ən uca şam ağacının hündürlüyünü ötən ilin sonunda təsadüfən ölçüblər, çünki daha əvvəl onun xahişi ilə bu şam ağacının yanındakı küknar ağacının hündürlüyü ölçülüb. K.Tiqanik daha sonra deyib: “Məlum olanda ki, hündürlüyü 48,6 metr olan bu küknar ağacı Estoniya üçün yeni rekorddur, alimlər onun yanındakı şam ağaclarını da ölçməyə başlayıblar”. Onun sözlərinə görə, Estoniya cəmi bir gündə həm rekord hündürlükdə şam aşağına, həm də küknar ağacına sahib olub. Universitetin alimləri müəyyən ediblər ki, küknarın ən azı 202 yaşı var.
Ootsipalu vadisindəki şam ağacının dünyada ən hündür şam ağacı olması sonradan, alim Hendrik Relve bu barədə məlumatı ən hündür ağacların beynəlxalq bazasına - “Monumentaltrees.com”a daxil edəndən sonra məlum olub.
Estoniyada ən yüksək şam və küknar ağacları dövlətə məxsus meşə ərazisində yerləşir və qayğı ilə qorunurlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn