CƏMİYYƏT
Eun Ha Li: Bakı konfransında dünya skautları kreativ ideyalarını paylaşırlar
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycanda keçirilən 41-ci Dünya Skaut Konfransı Koreya Respublikası üçün uğurlu oldu. Məhz Bakı konfransında 25-ci Dünya Skaut Camborisinin ev sahibliyi hüququnu Koreya Respublikası əldə etdi. Bakıdakı xoş xatirələrim heç vaxt yadımdan çıxmayacaq.
Bu sözləri Koreya Respublikasından olan skaut xanım Eun Ha Li AZƏRTAC-a müsahibəsində deyib.
Azərbaycanın zəngin adət-ənənələrə və mədəniyyətə sahib olduğunu bildirən Eun Ha Li diqqətə çatdırıb ki, Bakı konfransında dünya skautları qeyri-adi və kreativ ideyalarını paylaşırlar: “İştirak etdiyim gərgin müzakirələrin nəticəsi olaraq gələcəkdə bu sahədə daha həvəslə çalışacağam. Bu konfrans mənim həyatımda yeni səhifə açdı. Çünki burada skautinq barədə biliklərimi kifayət qədər genişləndirdim”.
Ölkəmizə heyran qalmasından məmnunluqla danışan qonaq deyib: “Azərbaycan xalçalarının gözəlliyi məni valeh etdi. Rəngarəng naxışlar insan beynində silinməz izlər buraxır. Bakıda olarkən Azərbaycan xalçaları haqqında ətraflı məlumat toplamışam. Azərbaycanın milli mətbəxinin nümunələri isə çox ləzzətlidir”.