SİYASƏT
“EurActiv” portalı Ermənistan-Azərbaycan münaqişəsi barədə yazır
Brüssel, 16 iyul, AZƏRTAC
Avropa İttifaqı ilə bağlı məsələləri işıqlandıran “EurActiv” xəbər portalında “Stratfor” Qlobal Strateji Təhlillər və Proqnozlaşdırma Mərkəzinin hazırladığı “Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən danışıqlar” adlı məqalə yayılıb. Məqalədə aprel ayının əvvəllərində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrdən sonra danışıqlar prosesində müşahidə olunan canlanmadan bəhs edilir.
Yazıda təmas xəttində baş verən hadisələrdən sonra danışıqlar prosesinin sürətləndiyi, bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı danışıqların hazırki vəziyyətini müsbət qiymətləndirdiyi, rəsmi Moskvanın bu prosesdə ən vacib vasitəçi olduğu qeyd edilir, ümumiyyətlə aprel hadisələrindən sonra münaqişənin yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrildiyi bildirilir.
Təhlilçilər məsələyə dair proqnozlarını təqdim edərək status-kvonun dəyişməyəcəyi təqdirdə danışıqların uzun müddət aparılmasının mümkün olmayacağını, aprel hadisələrinə hər şeydən əvvəl danışıqlar prosesində irəliləyişin olmaması amilinin təkan verdiyini, bir sözlə, münaqişənin həllində sözdən çox fəaliyyətin tələb olunduğunu vurğulayırlar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel