SİYASƏT


“EurActiv” və “EU Reporter” xəbər portalları Azərbaycanda keçirilən referendumla bağlı yazılar dərc edib

A+ A

Berlin, 29 sentyabr, AZƏRTAC

Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” və “EU Reporter” xəbər portallarında sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçirilmiş referendumla bağlı yazılar dərc olunub.

“EurActiv” xəbər portalında verilmiş yazıda Azərbaycan əhalisinin böyük əksəriyyətinin Konstitusiyanın 29 maddəsinə təklif edilən əlavə və dəyişikliklərə müsbət münasibət bildirdiyi qeyd olunur, Avropa Şurası Parlament Assambleyasının müşahidəçilərinin referendumun nəticələrini tanıdığı bildirilir. Yazıda Prezident İlham Əliyevin sentyabrın 27-də Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzinin binasının açılışında etdiyi çıxışa geniş yer ayrılır, ölkə başçısının referendumun nəticələrini yüksək qiymətləndirdiyi vurğulanır.

“EU Reporter” xəbər portalında dərc olunmuş məqalədə seçicilərin 69,7 faizinin təklif olunan əlavə və dəyişikliklərə müsbət münasibəti və Avropa Parlamentinin də öz növbəsində referendumun nəticələrinə hörmətlə yanaşacağı barədə bəyanatı haqqında məlumat verilir.

Daha sonra məqalədə, Azərbaycana səfərdən qayıdan Mario Davidin “Eureporter”ə müsahibəsi yer alır. Avropa Xalq Partiyasının (EPP) vitse-prezidenti, Portuqaliyadan olan avroparlamentari M.Davidin səsvermə prosesinin gedişatını izləyən təcrübəli müşahidəçisi kimi referendumun beynəlxalq standartlara uyğun təşkil olunduğunu və səsverməni izləmək üçün AŞPA da daxil olmaqla, 18 beynəlxalq təşkilatdan 117 xarici müşahidəçinin iştirak etdiyini bildirdiyi qeyd olunur. Eyni zamanda, M.Davidin başçılıq etdiyi nümayəndə heyətinin Bakı səfəri zamanı Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunması, o cümlədən müzakirə edilən məsələlər və s. haqda məqalədə qısa məlumat verilir.

Yazıda EPP-nin digər deputatı – yunan Emmanouil Kefalogiannisin də Konstitusiyaya edilən dəyişikliklərə dair referendumun yaxşı bir göstərici olduğunu qeyd etdiyi və bunu Qərb standartlarına inteqrasiya istiqamətində demokratik proses kimi dəyərləndirdiyi vurğulanır.

Həmçinin məqalədə nəticələrin elan olunmasından sonra AŞPA Bürosunun Azərbaycan xalqını təbrik etməsi, eləcə də səsvermənin Azərbaycan Respublikası Konstitusiyası və milli qanunvericiliyə uyğun olaraq şəffaf və demokratik təşkil olunduğu haqda məlumat yer alır. Bildirilir ki, Azərbaycan xalqı daha təhlükəsiz, stabil və davamlı inkişaf naminə təklif olunan əlavə və dəyişiklikləri qəbul edib. Məqalənin sonunda Azərbaycan və onun artan əhəmiyyəti barədə məsələlərə toxunulur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.