SİYASƏT
“Eurasianet.org” saytı: Azərbaycanda yaşayan dağ yəhudiləri hökuməti müdafiəçi kimi görürlər
Bakı, 25 avqust, AZƏRTAC
“Eurasianet.org” saytında Azərbaycanda yaşayan dağ yəhudilərinin həyat tərzindən, Quba rayonundakı Qırmızı qəsəbənin tarixindən bəhs edən yazı dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda paytaxt Bakıdan uzaqda, başı qarlı dağların arasında yerləşən qəsəbələrdə çoxsaylı etnik azlıqların yaşadığı qeyd olunur. Onlardan biri olan Qırmızı qəsəbədən söhbət açan müəllif Lolita Breyman dağ yəhudilərinin tarixi haqqında məlumat verir. Bildirilir ki, adını evlərinin qırmızı damlarından götürən bu qəsəbə İsraildən kənarda əhalisi bütünlüklə yəhudilərdən ibarət olan yeganə yaşayış məskənidir. XIII əsrdən burada məskunlaşan dağ yəhudiləri ilə qonşu kəndlərin müsəlman əhalisi arasında olduqca mehriban qonşuluq münasibətləri mövcuddur. Müxtəlif dinlərə etiqad edən bu insanlar arasındakı qarşılıqlı hörmət sayəsində dağ yəhudiləri özlərinin qədim və nadir adətlərini qoruyub saxlaya biliblər.
Keçmiş SSRİ ərazisində yəhudilərin hər zaman diskriminasiyaya məruz qaldığını qeyd edən müəllif 1991-ci ilədək Azərbaycanın da sovetlər birliyinin tərkibində olmasına baxmayaraq, yəhudilərin burada təhlükəsiz şəkildə yaşadığını diqqətə çatdırır. Qeyd olunur ki, dağ yəhudiləri Prezident İlham Əliyevin hakimiyyəti altında sülh şəraitində yaşayırlar. Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev deyir ki, qonşu Ermənistandan fərqli olaraq, Azərbaycan müxtəlif mədəniyyətlərə malik xalqların birgə yaşadığı ölkə kimi nümunə ola bilər.
Məqalədə həmçinin ölkə rəhbərliyinin müxtəlif xalqların sülh şəraitində birgə yaşamasına önəm verdiyi vurğulanır və bununla bağlı tez-tez irimiqyaslı beynəlxalq tədbirlərin keçirildiyi qeyd olunur. Bu tədbirlərdən birində, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal forumunda çıxış edən birinci xanım Mehriban Əliyevanın Qırmızı qəsəbəni Azərbaycandakı tolerantlığa nümunə kimi göstərdiyi vurğulanır.