MƏDƏNİYYƏT
“Euroclub”da “Eurovision-2014” mahnı müsabiqəsinin rəsmi açılışı olmuşdur VİDEO
Kopenhagen, 5 may (AZƏRTAC). Mayın 4-də Danimarkanın paytaxtı Kopenhagen şəhərindəki “Euroclub”da “Eurovision-2014” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilmişdir.
Mahnı müsabiqəsinin iştirakçıları əvvəlcə ənənəvi olaraq fanatların alqışları altında qırmızı xalı üzərindən keçərək zala daxil olmuşlar.
AZƏRTAC-ın Danimarkaya ezam olunmuş müxbiri xəbər verir ki, rəsmi açılışda “Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsinin rəhbəri Yan Ola Sand, yarışmanın təşkilati məsələlər üzrə rəhbəri Sietse Bekker iştirakçılara uğurlar arzulamışdır.
Sonra 2013-cü ildə müsabiqənin qalibi olmuş danimarkalı təmsilçi Emmelie de Forest 36 ölkə təmsilçisini salamlamış və layiqli iştirakçının qalib gəlməsini diləmişdir.
Gecədə müsabiqə iştirakçıları, məşhur DJ-lər konsert proqramları ilə çıxış etmişlər. Müxtəlif ölkələrin təmsilçiləri öz repertuarlarından mahnılar səsləndirmişlər.
Rəsmi açılış mərasimində nümayəndə heyətlərinin üzvləri, fanatlar və akkreditədən keçmiş jurnalistlər iştirak etmişlər.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen