MƏDƏNİYYƏT
“Euronews” III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında reportaj yayımlayıb VİDEO
Bakı, 21 may, AZƏRTAC
“Euronews” telekanalı Bakıda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan mədəniyyətlərarası dialoq təqdim edir” adlı reportajda tanınmış ictimai-siyasi xadimlərin, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin, analitiklərin Forumda bir araya toplaşdıqları və vacib məsələləri müzakirə etdikləri qeyd olunur.
Bildirilir ki, Forum 2008-ci ildə müxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil edilib.
Reportajda Forumun rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyevin nitq söylədiyi diqqətə çatdırılır. Bildirilir ki, Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən bəhs edib, sabitlik məkanına çevrilən Azərbaycanda multikulturalizm ənənələrindən və digər məsələlərdən danışıb.
Reportajda, həmçinin UNESCO-nun baş direktoru İrina Bokovanın, Fransa Senatının üzvü Natali Qulenin və digər nüfuzlu iştirakçıların fikirlərinə yer verilir.
Diqqətə çatdırılır ki, Forum iştirakçıları bu tədbirin dünyada sülhə, tolerantlığa, multikulturalizmə töhfə verəcəyinə əmindirlər.