İQTİSADİYYAT
“Euronews” telekanalı “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi ilə bağlı geniş reportaj yayımlayıb VİDEO
AZƏRTAC xəbər verir ki, reportajda Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldızın fikirləri yer alıb. Taner Yıldız bildirib ki, “Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin Türkiyə hissəsinin təməlqoyma mərasimi 2015-ci ilin martında olacaq. Bir çox ölkənin iştirak etdiyi sülh və əmin-amanlıq layihəsi olan TANAP-ın həm texniki, həm də geosiyasi əhəmiyyəti var.
“Euronews” televiziya kanalının müxbiri “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə alıb. “Bu layihənin Azərbaycan üçün çox böyük faydası var. Çünki bu bizə imkan verəcək ki, öz qaz resurslarımızı dünya bazarlarına çıxaraq. Bu, qaz alan və istehlak edən ölkələr üçün alternativ yeni qaz mənbəyidir. Bu layihə əsrin layihəsidir və ən azı yüz il ərzində hamımıza fayda gətirəcək” –deyə İlham Əliyev müsahibəsində qeyd edib.
Reportajda deyilir ki, TANAP layihəsinin birinci mərhələsinin layihə-smeta dəyəri 45 milyard ABŞ dollarıdır. 2018-ci ildə istismara verilməsi planlaşdırılan bu boru kəməri ilə ilk mərhələdə ildə 16 milyard kubmetr qaz nəql olunacaq, səkkiz il sonra isə bu həcm 31 milyard kubmetrə qədər artırılacaq. TANAP-a birləşdiriləcək “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.