REGİONLAR
“European Tobacco-Baku” ASC zaqatalalı tütünçülərlə əməkdaşlığa maraq göstərir
Zaqatala, 8 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Tütünçülüyün inkişaf perspektivləri ilə bağlı məsələlər Zaqatala Rayon İcra Hakimiyyəti və “European Tobacco-Baku” ASC təmsilçilərinin birgə təşəbbüsü ilə keçirilən tədbirin əsas müzakirə mövzusu olub.
AZƏRTAC xəbər verir ki, rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Zaqatalada fəaliyyət göstərən iri tütün istehsalçıları, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin, kənd təsərrüfatı sahəsində xidmət göstərən müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbiri rayon icra hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, son dövrlər Zaqatala rayonunda da ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
“European Tobacco-Baku” ASC-nin baş meneceri Pyer Krozer və şirkətin tütünçülük üzrə mütəxəssisi Hicran Abdulqadir İzzət çıxış edərək, rayonda fəaliyyət göstərən iri tütün istehsalçıları ilə əməkdaşlığın yaranmasında maraqlı olduqlarını bildiriblər. Diqqətə çatdırılıb ki, şirkət uzun illərdir Azərbaycanda tütün məmulatlarının istehsalı ilə məşğul olur.
İşgüzar şəraitdə keçən görüşdə şirkətin təmsilçiləri istehsalçılardan quru tütünün alınması, məhsulun keyfiyyəti, satış qiyməti və digər məsələlərlə bağlı fermerləri maraqlandıran sualları cavablandırıb, təkliflərini bildiriblər.