MƏDƏNİYYƏT
“Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edəcəkdir VİDEO
Bakı, 15 aprel (AZƏRTAC). Norveçli müğənni və skripkaçı, “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak mayın 15-də Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edəcəkdir.
Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Aleksandr Rıbak həmin gün Bakı tamaşaçıları qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə hazırladığı konsert proqramı ilə çıxacaqdır.
Aleksandr Rıbak layihə ilə əlaqədar Bakıya konsertin keçiriləcəyi vaxtdan 3 gün əvvəl gələcəkdir. Tanınmış musiqiçi səhnəni bölüşəcəyi gənclərlə seminar və məşqlər keçirəcəkdir. Konsertdə Aleksandr Rıbak Respublika İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət orkestr ilə çıxış edəcəkdir.
Konsert 3 hissədən ibarət olacaqdır. Birinci hissədə səhnəni Respublika İncəsənət Gimnaziyasının şagirdləri, ikinci hissədə şagirdlər və Aleksandr Rıbak bölüşəcəklər. Üçüncü hissədə isə Aleksandr Rıbak solo konsert ilə çıxış edəcəkdir. Tamaşaçılara norveçli musiqiçinin repertuarından hitlər və digər mahnılar təqdim olunacaqdır.
Xatırladaq ki, Aleksandr Rıbak 2009-cu ildə “Fairytale” mahnısı ilə “Eurovision” mahnı müsabiqəsində birincilik əldə etdikdən sonra dünya turu çərçivəsində bir sıra konsertlər vermişdir. Müğənni-skripkaçı, həmçinin müxtəlif ölkələrdə istedadlı gənclərlə birgə çıxış etmişdir.