MƏDƏNİYYƏT
“Eurovision-2014” mahnı müsabiqəsinin finalına vəsiqə qazanan 10 ölkənin çıxış ardıcıllığı bugünkü püşkatmada müəyyən ediləcəkdir VİDEO
Kopenhagen, 6 may (AZƏRTAC). Mayın 6-da “Eurovision-2014” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcəkdir.
Yarımfinal şousu yerli vaxtla saat 00.00-da "B and V" Arenada başlayacaqdır. Bu şou Danimarkanın rəsmi yayım hüququ olan “DR” telekanalı tərəfindən canlı yayımlanacaqdır.
Birinci yarımfinal mərhələsində 16 ölkə finala keçmək uğrunda yarışacaqdır. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaqdır.
AZƏRTAC-ın Danimarkaya ezam olunmuş müxbiri xəbər verir ki, yarımfinal mərhələsində iştirak edən 16 ölkənin çıxışlarından dərhal sonra 15 dəqiqə ərzində təmsilçilərin səs göndərmək hüququ olacaqdır.
Yarışmanın qaydalarına əsasən, Azərbaycan ərazisindən birinci yarımfinalda iştirak edən ölkələrə səs vermək olmaz.
Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcəklər. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 10-da “B and V” Arenanın səhnəsində çıxış ardıcıllığı müəyyən olunacaqdır.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen