MƏDƏNİYYƏT
“Eurovision-2015” mahnı müsabiqəsində 39 ölkə təmsil olunacaq
Bakı, 5 yanvar, AZƏRTAC
Avstriyanın Vyana şəhərində keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində 39 ölkə təmsil olunacaq.
AZƏRTAC müsabiqənin rəsmi saytına istinadla xəbər verir ki, əvvəlki yarışmadan fərqli olaraq iştirakçıların sayı artıb. Kipr, Çexiya və Serbiya yenidən müsabiqəyə qayıdıb. Ukrayna milli televiziyası isə müsabiqədə iştirak etməyəcəyini bildirib.
Beləliklə, 60-cı “Eurovision” mahnı müsabiqəsində Albaniya, Avstriya, Azərbaycan, Belarus, Belçika, Kipr, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Makedoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Malta, Moldova, Çernoqoriya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San-Marino, Serbiya, Sloveniya, İspaniya, İsveçrə, İsveç, Böyük Britaniya və Ermənistan təmsil olunacaq.
Birinci yarımfinalda 16, ikincidə 17 ölkənin iştirakçısı səhnəyə çıxacaq. Final mərhələsində isə 10 ölkə və böyük beşliyə daxil olan Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya, eləcə də ev sahibi Avstriya təmsilçisi iştirak edəcək.
“Eurovision-2015” mahnı müsabiqəsinin püşkatma mərasimi 2015-ci il yanvarın 26-da keçiriləcək.
Yarışmanın I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də olacaq.