CƏMİYYƏT
Evdən çıxıb “görəsən qazı bağladımmı?” sualını özünüzə verirsiz?
Bakı, 10 uyun, AZƏRTAC
Evdən çıxıb, pilləkənlərdən enməmiş “görəsən qazı bağladımmı” və ya “televizoru söndürdümmü?” deyə, yenidən qayıdıb nəzarət etdiniz? Yolda gedərkən birinə toxundunuz “görəsən mənə xəstəlik yoluxdumu” deyə düşünüb həkimlərə, analiz verməyə getdiniz? Görəsən uşağıma, yoldaşıma zərər verə bilərəm? Beyninizdə sözləri təkrar etmək, maşın nömrələri əzbərləmə, binaların mərtəbələrini saymaq halları olur?
Həkim psixiatr Bəxtiyar Mustafayev AZƏRTAC-a müsahibəsində bildirib ki, bu sualları özünə verən şəxslərdə obsessiv-kompulsiv pozuntu var.
B.Mustafayev bildirib ki, bu xəstəlik təxminən 50 nəfərdən birində rast gəlinir. Xəstəliyin yaranmasında bioloji, psixoloji faktorlar əsas rol oynayır. Uşaqlıqdan həddən artıq təzyiq və intizam altında böyüyən şəxslərin bu xəstəliyə tutulma riski yüksəkdir.
“Əgər bu fikirlər gündəlik işlərin görməsinə mane olursa, fikirlərin davamlı təkrarlanması və bu təkrarlanan düşüncə və hərəkətlərin daimi olaraq çətinlik yaratması hallarında həkimə müraciət etmək lazımdır. Xəstəliyin müalicəsi uzun müddət vaxt aparır”, - deyə psixiatr əlavə edib.