MƏDƏNİYYƏT
Event Platform Azərbaycan Konqreslər Bürosunun üzvləri sırasına qoşulub
Bakı, 7 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu turizmdə yeni texnologiyalar tərtibatçısı olan Event Platformu öz üzvləri sırasına qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, korporativ tədbirlər və seminarlar üçün interaktiv vasitələr təchizatçısı olan Event Platform və Azərbaycan Konqreslər Bürosunun qarşılıqlı əməkdaşlığı özünü çoxdan doğruldub.
Büro və Event Platform əvvəllər də müxtəlif tədbirlərin və layihələrin təşkilində birgə uğurla iştirak edib. Bu tədbirlər sırasında büronun Barselonada keçirilən EIBTM sərgisində iştirakını və cari ilin sentyabrında Bakıda təşkil edilən “Açıq qapı”lar tədbirini göstərmək olar.
EIBTM beynəlxalq turizm sərgisində Azərbaycan Konqreslər Bürosu Event Platformun hazırladığı xüsusi proqramda iştirak edib. İnteraktiv axtarış və axtarış həlləri təqdim edən bu proqram sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Event Platform korporativ tədbirlər üçün maraqlı və effektiv texnologiyalar hazırlayır. Şirkətin məhsulları konfrans, forum, təlim proqramları və s. tədbirlərin daha səmərəli təşkilində böyük rol oynayır.