ELM VƏ TƏHSİL
Eynəli bəy Sultanov irsinə dəyərli töhfələr
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri Elxan Məmmədov görkəmli yazıçı, publisist və pedaqoq Eynəli bəy Sultanovun həm folklorla əlaqəsini, həm də onun bütövlükdə yaradıcılığının qaranlıq qalan məqamlarını, ictimaiyyətə bəlli olmayan tərəflərini öyrənir və təbliğ edir.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, gənc tədqiqatçı filologiya üzrə fəlsəfə doktoru İzzət Maqsudovun “Eynəli bəy Sultanovun həyat və yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru İradə Əsədovanın “Eynəli bəy Sultanovun yaradıcılıq yolu” dissertasiyalarını arxiv və kitabxanalardan əldə edib, onları monoqrafiya şəklində nəşrə hazırlayıb. Hər iki kitab artıq çap edilib, geniş oxucu kütləsinə və elmi ictimaiyyətə təqdim olunub.
“Eynəli bəy Sultanovun həyat və yaradıcılığı” monoqrafiyasının elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, “Eynəli bəy Sultanovun yaradıcılıq yolu” monoqrafiyasının elmi redaktoru və “Ön söz”ün müəllifi isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovdur.
E.Məmmədov cari ildə görkəmli maarifçi yazıçının 33 hekayəsindən ibarət “Hekayələr” kitabını nəfis tərtibatla nəşr etdirib.