REGİONLAR
Eynəli bəy Sultanovun fəaliyyəti Azərbaycan ictimai fikir tarixində mühüm mərhələ təşkil edir
Naxçıvan, 4 may, AZƏRTAC
Zəngin tarixə və qədim mədəniyyətə malik olan Naxçıvan torpağı tarixin müxtəlif dövrlərində görkəmli sərkərdələr, siyasətçilər, ziyalılar, mütəfəkkir və yazıçılar yetişdirib. Onlardan biri də görkəmli yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovdur. Onun çoxşaxəli fəaliyyəti Azərbaycan ictimai fikir tarixində mühüm mərhələ təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Eynəli bəy Sultanovun anadan olmasının 150 illiyinə həsr olunmuş elmi konfransda səsləndirilib.
AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən elmi konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il fevralın 15-də imzaladığı Sərəncam ilə görkəmli yazıçının yubileyi muxtar respublikada geniş qeyd olunur. Bu konfrans Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq keçirilir.
Diqqətə çatdırılıb ki, Eynəli bəy Sultanov 1866-cı il may ayının 5-də Naxçıvan şəhərində anadan olub. Eynəli bəy Naxçıvanda mədəni-maarif tədbirlərinin təşkilatçısı, tərəqqipərvər ziyalılar dəstəsinin ilk müəllimi və tərbiyəçisi olub. Görkəmli ziyalı gimnaziyada oxuyarkən Naxçıvanda maarifçi mühitin formalaşmasında yaxından iştirak edib, 1882-1883-cü illərdə burada “Ziyalı məclisi”, “Müsəlman dram incəsənəti cəmiyyəti” kimi ədəbi-mədəni mərkəzlər yaradıb. Bu mərkəzlərdə dövrün ictimai-siyasi məsələləri tez-tez müzakirə edilir, fanatizmə qarşı mübarizənin yolları araşdırılır, məktəblər, kitabxanalar açmaq qərara alınır və digər mədəni tədbirlər həyata keçirilirdi.
Vurğulanıb ki, mədəniyyət tariximizə adını həm də teatr xadimi və tənqidçisi kimi həkk etdirən Eynəli bəy Sultanov Naxçıvanda teatr sənətinin təşəkkülündə mühüm xidmətlər göstərib. O, xalqının övladlarını həm savadlı, oxumuş, geniş dünyagörüşlü görmək istəyirdi, həm də onların həyat tərzinin yaxşılaşdırılması üçün əlindən gələni əsirgəmirdi. Belə ki, Eynəli bəy irsən ona çatan Göynük, Sürməlik və Sirab kəndlərindəki torpaqlarını kəndlilərə bağışlayıb.
Konfransda AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Elxan Yurdoğlu “Eynəli bəy Sultanovun həyatı və yaradıcılıq yolu”, Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərov “Eynəli bəy Sultanov və “Molla Nəsrəddin” ədəbi məktəbi”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, dosent Əkrəm Hüseynov “Eynəli bəy Sultanov və folklor”, “Naxçıvan” Universitetinin dosenti Nurlana Əliyeva “Eynəli bəy Sultanov Məhəmməd Tağı Sidqinin müasiri kimi” mövzularında məruzələrlə çıxış ediblər.