ELM VƏ TƏHSİL


Eyni rayon (şəhər) daxilində 650 müəllim iş yerini dəyişib

Bakı, 7 iyun, AZƏRTAC

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində yerdəyişməsi başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, mayın 26-dan başlayan yerdəyişmə prosesi proqram təminatı tətbiq edilməklə aparılıb. Şəffaf və sosial statusun bütün parametrləri nəzərə alınaraq həyata keçirilən eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfər müəllim elektron ərizədə göstərdikləri seçimləri üzrə yerləşdirilib. Bununla bağlı məlumat isə həmin müəllimlərin “Şəxsi səhifə”lərinə göndərilib.

Qeyd edək ki, proqram təminatında hər bir namizəd öz sosial statusu ilə bağlı qeydlər apararaq iş yerinin dəyişdirilməsini müvafiq sənədlərlə əsaslandırmalı və elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət etməlidir. Həmin məlumatlar nazirlikdə fəaliyyət göstərən İşçi Qrupda dəyərləndirilərək müvafiq qərar qəbul edilir. Bu dəyərləndirmədə müəllimlərin sosial statusu əsas götürülsə də, diaqnostik qiymətləndirmədə göstərdikləri nəticə də nəzərə alınır. Yerdəyişmə ailə vəziyyəti və yaxud səhhəti ilə bağlıdırsa, əsas üstünlük məhz bu amilə verilir. Lakin bir neçə müəllim eyni vakant yeri göstərdikdə, bu zaman akademik göstəricilər, o cümlədən diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınır.

İyunun 8-dən 12-dək bir rayon (şəhər) məktəbindən başqa (rayon) şəhər məktəbinə yerdəyişmə də proqram təminatı vasitəsilə, müəllimlərin sosial statusu əsas götürülməklə, müsahibə və ya müsabiqəsiz həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.