REGİONLAR
“Eyvazlı - Tarixə dönən izlər, həsrətlə bizi gözlər” kitabının təqdimat mərasimi keçirilib VİDEO
Sumqayıt, 14 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda yerləşən Qubadlı Rayon Təhsil Şöbəsinin akt zalında “Eyvazlı - Tarixə dönən izlər, həsrətlə bizi gözlər” kitabının təqdimat mərasimi keçirilib.
Mərasimdə rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri Eyvazlı ilə bağlı həm ağrılı-acılı, nisgillə dolu hadisələri yada salıb, həm də sevincli anları bölüşüblər.
AZƏRTAC xəbər verir ki, yenicə işıq üzü görən kitab Qubadlı rayonunun Eyvazlı kəndində ziyalı ailəsində dünyaya göz açan, pedaqoq Əli Həsənovun Vətən, torpaq sevgisi ilə qələmə aldığı ilk irihəcmli kitabıdır.
Bu kitab Dövlət Milli Arxivində günlərlə, həftələrlə, minlərlə sənədlər arasında aparılan araşdırmalar, kənd əhlinin xatirələri, fotolar əsasında ərsəyə gəlib.
Eyvazlı Qubadlının balaca kəndlərindən biri olub. Amma eli-obanı, yurdu böyük edən, məşhurlaşdıran onun dəyərli insanları, mərd oğlanlarıdır. Kitabın səhifələrini vərəqlədikcə bir balaca kəndin neçə-neçə yetirməsinin adına SSSR-i və Azərbaycan Ensiklopediyasında rast gəldiyinin şahidi olursan.
Tədbirdə çıxış edənlər kitabın əhəmiyyətindən danışıblar.
Müəllif çıxış edərək, təqdimatda iştirak edənlərə minnətdarlığını bildirib.
Tədbir bədii proqramla davam edib.