İQTİSADİYYAT
FAO bitki və toxum alverinə dair yeni standartları bəyənib
Bakı, 18 aprel, AZƏRTAC
Koreya Respublikasının İnçxon şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) himayəsi ilə keçirilən görüşdə yeni qlobal standartlar bəyənilib. AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirilir ki, bu standartların məqsədi - beynəlxalq miqyasda bitki və toxum alverinin təhlükəsizlik səviyyəsinin daha da artırılmasını təmin etməkdir.
Hər il planetin bütün guşələrindən olan müxtəlif növ yüklərlə dolu, böyük ölçülü 500 milyondan çox polad konteyner gəmilərlə daşınır. Bəzən həmin konteynerlərdə “biletsiz sərnişinlər” - kənd təsərrüfatı ziyanvericilərinin müxtəlif növləri (qaraçı güvəsindən başlamış, nəhəng Afrika ilbizlərinə və Argentina qarışqalarına qədər) “gizlənir”.
Kənd təsərrüfatı məhsulları alverinin sürətlə artması səbəbindən, bütün yük partiyalarına lazımınca nəzarət edilməsi çətinləşir.
Toxum daşınan konteynerlərdə də belə ziyanvericilərin olması xüsusi narahatlıq doğurur. Çünki bu toxumlar əkilmək üçün nəzərdə tutulur və ziyanvericilərin təzə torpaqda canlanaraq çoxalmağa başlaması ehtimalı yüksəkdir.
Hazırda beynəlxalq toxum ticarəti sistemi çərçivəsində əmtəə dövriyyəsi hər il təqribən 12 milyard ABŞ dollarına çatır. Yeni standartlar ölkələr arasında bu problemlərin həlli üsullarını razılaşdırmağa kömək edəcək.
FAO-nun nümayəndəsi Jinquan Ksia deyib: “Bitki ziyanvericilərinin yeni ərazilərdə yayılmasının qarşısını almaq üçün ən səmərəli üsul konsensus yolu ilə qəbul olunmuş bu standartların tətbiq edilməsidir. Yeni standartlar bioloji müxtəlifliyin, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatı malları ticarətinin təmin edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”.