İQTİSADİYYAT
FAO fermerləri və baytarları mikrob əleyhinə preparatlardan ifrat istifadə etməməyə çağırıblar
Bakı, 11 fevral, AZƏRTAC
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri fermerləri və baytarları ayıq-sayıq olmağa və mikrob əleyhinə preparatlardan ifrat istifadə etməməyə çağırıblar, çünki belə preparatlar mikrobların müqavimətini artırmaqla öz səmərəliliyini itirir.
FAO-nun baş direktorunun müavini Helena Semedo Amsterdamda mikrob əleyhinə rezistentlik məsələlərinə dair konfransda deyib: “Antibiotiklərdən və başqa mikrob əleyhinə preparatlardan ifrat dərəcədə və yanlış istifadə infeksiyalar və xəstəliklər törədən mikrobların müqavimətini artırır. Bu, insanın və heyvanların sağlamlığının möhkəmlənməsində yüz il ərzində əldə olunmuş tərəqqini heçə endirə bilər”.
Bu gün antibiotiklər və mikrob əleyhinə digər preparatlar öz səmərəliliyini itirir. Bir çox hallarda bu, həmin preparatlardan lüzumsuz olaraq tez-tez istifadə etmək səbəbindən baş verir. Bu o deməkdir ki, bakteriyalar, habelə göbələk və parazitlər o dərəcədə dəyişir ki, antibiotiklər daha onlara heç bir təsir göstərə bilmir.
Helena Semedo xatırladıb ki, aşkar olunan hər 10 xəstəlikdən 7-i heyvan mənşəli xəstəliklərdir. O, kənd təsərrüfatı sahəsində əmələ gələn rezistent törədicilərin yayılması təhlükəsinə qarşı mübarizə aparmağa çağırıb.