İQTİSADİYYAT
FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi çərçivəsində təşkilatın Azərbaycanla əlaqələri genişlənəcək
Bakı, 28 aprel, AZƏRTAC
FAO-nun Bakıdakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi çərçivəsində təşkilatın Azərbaycanla əlaqələri daha da genişlənəcək.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu fikir kənd təsərrüfatı naziri Heydər Əsədovun BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Mario Lubetkin və təşkilatın tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmakla görüşündə səsləndirilib.
Nazir Heydər Əsədov FAO ilə yaradılmış əlaqələri yüksək qiymətləndirərək son illərdə FAO tərəfindən ölkədə həyata keçirilən layihələrin kəmiyyət və keyfiyyət baxımından səmərəliliyinə görə təşkilatın rəhbərliyinə minnətdarlığını bildirib, bu əlaqələrin yeni yaradılmış Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi çərçivəsində daha da genişlənəcəyinə əminliyini bildirib.
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda FAO-nu təmsil etmək məqsədilə Azərbaycana səfər etmiş Mario Lubetkin FAO ilə Azərbaycan hökuməti arasında yaradılmış sıx əlaqələrə toxunaraq FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılmasında və Tərəfdaşlıq Proqramının yaradılmasında Azərbaycan hökumətinin, xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyini yüksək qiymətləndirib. FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva ilə keçirilmiş görüşə istinad edən M.Lubetkin görüş zamanı bir sıra mühüm məsələlərin müzakirə olduğunu bildirib.
FAO nümayəndələrinin nazir Heydər Əsədovla görüşü zamanı hər il oktyabrın 16-da qeyd olunan Dünya Ərzaq Gününün (DƏG) 2016-cı ildə iqlim dəyişkənliyi mövzusuna həsr olunduğu qeyd olunub, bu il DƏG-in Azərbaycanda yüksək səviyyədə qeyd olunması ilə bağlı müəyyən təkliflər səsləndirilib.
Görüşdə FAO-nun cari il mayın 4-6-da Azərbaycan nümayəndə heyətinin də qatılacağı Türkiyənin Antalya şəhərində keçiriləcək FAO-nun Avropa üzrə 30-cu Regional Konfransı, konfransda müzakirə olunacaq mühüm məsələlər və qəbul ediləcək qərarlar barədə də fikir mübadiləsi aparılıb.