CƏMİYYƏT
FHN Akademiyasında beynəlxalq videoseminar keçirilib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Təsərrüfat obyektlərinin yanğın təhlükəsizliyi” mövzusunda beynəlxalq videoseminar keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Akademiyası, Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin Kokşetau Texniki İnstitutu, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Komanda Mühəndislik, həmçinin Yenidənhazırlıq və İxtisasartırma institutlarının nümayəndələri iştirak ediblər.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov videoseminar iştirakçılarını salamlayaraq belə beynəlxalq tədbirlərin artıq ənənəvi hal aldığını, mühəndis, müəllim və elmi kadrların hazırlanmasında mühüm rol oynadığını qeyd edib.
Videoseminarda 4-ü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının mütəxəssisləri tərəfindən olmaqla, 8 elmi-texniki məruzə dinlənilib və suallar cavablandırılıb.