CƏMİYYƏT
FHN: İmişlidə su kanalında batan şəxsin ailəsindən pul tələb edilməsinə dair iddiaların əsası yoxdur
Bakı, 7 avqust, AZƏRTAC
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə avqustun 5-də saat 19:55 radələrində İmişli rayonunun Çaxırlı kəndi ərazisində kanalda çimərkən 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlunun batması haqqında məlumat daxil olduqdan dərhal sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən 5 nəfər dalğıc-xilasedici və 2 texnika cəlb edilib. Belə ki, vətəndaşın cəsədi avqustun 7-də hadisə yerindən 50 kilometr aralıda aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə bağlı bəzi kütləvi informasiya vasitələrində xilasedicilərin axtarış işləri üçün guya zərərçəkmişin ailəsindən 5000 manat pul tələb etməsi haqqında əsassız iddialar yer alıb.
Nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsi tərəfindən bununla bağlı aparılan araşdırma, həmçinin batan şəxsin ailə üzvləri ilə söhbətlər zamanı sözügedən iddia təsdiqini tapmayıb.
Fövqəladə Hallar Nazirliyi bir daha kütləvi informasiya vasitələrinə müraciət edir ki, nazirliyin fəaliyyəti ilə bağlı informasiya yaymazdan əvvəl FHN-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparsınlar.