CƏMİYYƏT
FHN-in Akademiyası növbəti tədris ilində yeni kursantları qəbul edir VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Bilik günü münasibətilə tədbir keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, nazirliyin nümayəndələri, akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak ediblər.
Əvvəlcə, tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstələri qoyublar.
Sonra nazir müavini Faiq Tağızadə kursantları təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb.
Akademiyanın rəisi general-mayor Pənah Süleymanov çıxışında bildirib ki, açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi FHN-in Akademiyası növbəti tədris ilində yeni kursantları qəbul edir. Dövlətimizin başçısının yüksək qayğısı ilə əhatə olunmuş gənclər bu ali təhsil ocağında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində zəngin bilik və bacarıqlara yiyələnəcəklər.
Akademiyaya yüksək balla qəbul olunmuş kursant Nicat Bayramlı çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevə təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə kursantlar adından təşəkkürünü bildirib.
Sonra 2014-2015-ci tədris ilində “Ən yaxşı tədris tağımı” müsabiqəsinin qalibi olmuş tağım Akademiyanın bayrağını meydana gətirib və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.