REGİONLAR
FHN-in Sumqayıt Regional Mərkəzi ilə mətbuat nümayəndələri daha sıx əməkdaşlıq edəcəklər
Sumqayıt, 19 may, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin əməkdaşları ilə şəhərdə fəaliyyət göstərən mətbuat nümayəndələri arasında “Fövqəladə hallarla bağlı əhalinin maarifləndirilməsində mətbuatın rolu” mövzusunda “dəyirmi masa” formatında diskussiya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olub, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən tarixi fotoşəkillərə, arxiv sənədlərinə baxıblar.
“Dəyirmi masa”da 25 il əvvəl erməni silahlı birləşmələri tərəfindən Laçının işğal edilməsi yada salınıb, Azərbaycan torpaqlarının azadlığı uğrunda həlak olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçisi Eyvaz Qocayev qeyd edib ki, iri sənaye müəssisələrinin yerləşdiyi Sumqayıt kimi böyük sənaye zonasında müxtəlif təhlükəli halların və yanğınların, digər istehsalat qəzalarının qarşısının alınmasında Sumqayıt Regional Fövqəladə Hallar Mərkəzinin böyük rolu var. O, təhlükəli hadisələrin başvermə hallarının minimuma endirilməsi məqsədilə əhalinin bu sahədə maarifləndirilməsinin vacibliyini, bu mühüm təbliğat işində isə mətbuat və televiziyanın xüsusi rolunu önə çəkib. Bildirilib ki, bu tədbir FHN-in Sumqayıt Regional Mərkəzi ilə mətbuat nümayəndələrinin qarşılıqlı əməkdaşlığının təmin edilməsi məqsədilə keçirilir.
Ulu öndər Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” fikrini diqqətə çatdıran Regional Mərkəzin operativ məlumat idarəsinin rəisi mayor Rafiq Həsənov qeyd edib ki, son zamanlar Sumqayıtda mülki əhalinin və istehsalat sahələrində çalışanların təhlükəsizliyinin, qurğu və avadanlıqların yanğından və digər təhlükəli hallardan qorunmasının təmin edilməsinə diqqətin artırılması məmnunluq doğurur.
Mərkəzin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun baş məsləhətçisi Emin Ramazanov mətbuat nümayəndələrini qarşılıqlı əməkdaşlığı genişləndirməyə çağıraraq, qəzet və saytlarda əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi üçün bu sahədə təbliğat-təşviqat xarakterli yazılara daha geniş yer verməyin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə iştirak edən mətbuat nümayəndələri çıxış edərək qarşılıqlı əməkdaşlığın artırılmasının önəmindən, bu sahədəki çatışmazlıqlardan və onların aradan qaldırılması yollarından danışıblar.
Regional Mərkəzin müxtəlif şöbə və bölmələrinin zabitləri təhlükəli halların operativ aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin xətti ilə görülən tədbirlər barədə məlumat verib, sualları cavablandırıblar.