CƏMİYYƏT


FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidməti “dəyirmi masa” keçirib

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin təşkilatçılığı ilə “Neft Dağılmalarına Qarşı Hazırlığın Regional Təşəbbüsü” (OSPRI) şirkəti ilə birlikdə neft dağılmalarına qarşı hazırlıq və cavabvermə tədbirləri üzrə “dəyirmi masa” keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd dənizdə mümkün neft dağılmalarına qarşı hazırlığın müzakirəsi və beynəlxalq təcrübənin bölüşülməsi, Aktau Protokolu çərçivəsində regionda əməkdaşlıq imkanlarının müzakirəsindən ibarət olub.

Tədbirdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının, SOCAR və BP-nin nümayəndələri iştirak ediblər.

FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin rəisi Piri Quluzadə tədbirin mahiyyətindən danışıb, belə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb. O deyib ki, bu cür tədbirlərdə qazanılan nəzəri təcrübələr neft sahəsində baş verə biləcək hadisələrin nəticələrinin aradan qaldırılmasında, belə hallara çevik reaksiya verilməsində mühüm rol oynayır.

OSPRI-nin meneceri Peter Taylor iştirakçılara tədbir haqda məlumat verib, təmsil etdiyi qurumun yaranma səbəbi və məqsədlərindən söhbət açıb. Bildirib ki, şirkətin əsas fəaliyyəti neft dağılmalarına qarşı aidiyyəti orqanlar arasında əlaqələndirici funksiyanı yerinə yetirməkdir.

Çıxış edən natiqlər Azərbaycanın neft dağılmalarına qarşı milli tədbirlər sistemi, beynəlxalq və regional əməkdaşlığın imkanları və onların reallaşdırılması, lokal yanğınların neft dağılmasında alət kimi istifadəsi və s. mövzularda ətraflı məlumat veriblər.

“Dəyirmi masa”ya iyulun 13-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.