CƏMİYYƏT
FHN-in bir qrup əməkdaşına Fransanın Azərbaycandakı səfirliyinin sertifikatları təqdim olunub
Bakı, 30 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Meşə yanğınlarının idarə olunması” mövzusunda təlimin iştirakçılarına sentyabrın 30-da sertifikatlar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Fransız İnstitutunda təşkil olunan mərasimdə Fransanın ölkəmizdəki səfirliyinin nümayəndələri, FHN-in əməkdaşları iştirak ediblər.
Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez çıxış edərək təlimin əhəmiyyətini yüksək qiymətləndirib. O, təlimin Fransadan dəvət edilmiş təcrübəli ekspertlər - Daxili İşlər Nazirliyinin Xilasetmə və Yanğın İdarəsinin Vierzon Baş Xilasetmə mərkəzinin rəhbəri Sebastian Lakrua və 5 nömrəli mülki müdafiə bölməsinin əməliyyat şöbəsinin rəhbəri Stiv Uilom tərəfindən aparıldığını bildirib. Səfir qeyd edib ki, meşə yanğınları ilə bağlı təlimlərin keçirilməsi çox faydalıdır. Təlimçilərin biri hərbi, digəri isə mülki sahədə çox böyük təcrübəyə malikdir.
Ötən il FHN ilə birgə iki təlimin keçirildiyini xatırladan səfir qeyd edib ki, gələcəkdə dağlarda xilasetməyə dair təlimlər də keçirilə bilər.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev qeyd edib ki, Azərbaycan və Fransa arasında əlaqələrin kökləri çox dərindir. Sevinirik ki, bu gün Fransa-Azərbaycan əlaqələri daha da inkişaf edir. Meşə yanğınlarının idarə olunması ilə bağlı təlimlərin keçirilməsi əməkdaşların fəaliyyətinə güclü təsir göstərəcək.
Diqqətə çatdırılıb ki, təlimdə FHN-in əməkdaşları Fransa Daxili İşlər Nazirliyinin yanğından mühafizə üzrə mütəxəssislərinin təcrübələrini bölüşüblər. Əldə olunmuş razılaşmaya əsasən, FHN və Fransa səfirliyinin təşkilatçılığı ilə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına dair müxtəlif sahələri əhatə edən mütəmadi tədbirlər təşkil olunur. Bu tədbirlərdə fransalı mütəxəssislər öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşürlər. FHN-in 60-dan çox əməkdaşının iştirak etdiyi təlim zamanı fərqlənən əməkdaşlar Fransanın Azərbaycandakı səfirliyi tərəfindən sertifikatlara layiq görülüb.
Tədbirdə, həmçinin Etibar Mirzəyevə Fransa Daxili İşlər Nazirliyinin əməkdaşlıq medalı təqdim olunub.
Fransa Daxili İşlər Nazirliyi ilə FHN arasında mövcud ikitərəfli əməkdaşlıq 2007-ci ildə imzalanmış hökumətlərarası sazişə əsasən ekspert və təlim mübadiləsi çərçivəsində həyata keçirilir.